Vitiligo, dəqiq səbəbi bilinməsə də, dəridə piqment itkisi səbəbindən açıq rəngli sahələrin meydana gəldiyi bir dəri xəstəliyidir. Ala xəstəliyi olaraq  adlandırıla bilən bu xəstəlik hər yaşda görülə bilər, ancaq ümumiyyətlə 20 yaşından əvvəl simptomlar göstərməyə başlayır.
Hər  100 insandan təxminən 1 və ya 2-sində müşahidə olunur. Yoluxucu bir xəstəlik deyil. Yalnız dərinin görünüşünə təsir edən Vitiligo, xəstələrdə heç bir fizioloji problem yaratmır. Xəstəliyin ölçüsü və dəri səthindəki ləkələr xəstədən xəstəyə dəyişir. Müalicədə dərinin köhnə rəngini bərpa etməsinə kömək edən üsullar istifadə olunur.
Piqment çatışmazlığından asılı olaraq, dəri səthində müxtəlif ölçülü bəzi ağ ləkələr görünür. Xəstəliyin növündən asılı olaraq, ləkələrin meydana gəldiyi sahələr və yayılma meyli insandan-insana dəyişə bilər.
Bəzi vitiligo növlərində bədənin yalnız müəyyən bir hissəsi təsirlənir, bəzi xəstələrdə ləkələr bütün bədənə yayıla bilər. Dəridə arzuolunmaz bir görünüşə səbəb olduğu üçün xəstələri psixoloji olaraq təsir edən vitiligo xəstəliyində ləkələr aşkar edildikdə müalicə prosesinə başlamaq vacibdir.
Əlamətləri
Vitiligo, uşaqlıqdan yetkinliyə qədər hər yaşda ortaya çıxa bilən bir xəstəlik növüdür. Xəstəliyin simptomları ümumiyyətlə günəş işığına məruz qalan ərazilərdə görünür. Xəstəliyin əlaməti olan ağ ləkələr, günəşlə daha çox təmasda olan əllər, qollar, üz, boyun, ayaqlar kimi bölgələrdə daha çox görülür. Bəzi insanlarda genital bölgədə də ləkə meydana gəlməsi müşahidə edilə bilər.
Vitiligonun ilk və ən çox görülən əlaməti dəridə müəyyən bir nöqtənin qəfil ağarmasıdır. Bəzi hallarda kiçik bir ağ ləkə zamanla böyüyə bilər və dərinin əhəmiyyətli bir hissəsini əhatə edən bir ölçüyə çata bilər. Vitiligo daxili orqan xəstəliyi deyil, yalnız dəridəki boyayıcı hüceyrələr səbəbiylə meydana gələn bir vəziyyətdir. Bu səbəblə dəridəki ağ ləkələrdən başqa heç bir əlamət vermir.
Ala xəstəliyinin yaranma səbəbləri:
Anemiya (qan azlığı);
Şəkərli diabet;
Psoriaz;
Stress ;
Günəş yanıqları ;
Ağır travmalar.
Vitiligo xəstəliyində təsirli olduğu bilinən digər əhəmiyyətli bir faktor genetik faktorlardır. Bütün vitiligo xəstələri müayinə edildikdə, xəstələrin təxminən 30%-nin bu xəstəliyə sahib bir ailə üzvü olduğu görülür.
Əlavə olaraq, Mərakeş və Yəmən kimi bölgələrdə yaşayan qara dərili insanlarda xəstəliyin olma ehtimalının digər şəxslərə nisbətən daha yüksək olduğu müəyyən edilmişdir. Erkən diaqnoz və erkən müalicə, xəstəliyin müalicə prosesində müvəffəqiyyət nisbətini artırmaq və ləkə meydana gəlməsini minimuma endirmək baxımından çox əhəmiyyətlidir.
Vitiligo xəstəliyi necə müalicə olunur?
Vitiligo xəstəliyinin müalicəsi üçün edilən bütün tibbi prosedur və müalicələrin əsas məqsədi dərinin rəngini bərpa etməkdir. Mümkünsə, xəstəliyin səbəbi ilə bağlı araşdırma apararaq bu amillər aradan qaldırılmalı və ya azaldılmalıdır. Xəstəliyin səbəbindən asılı olmayaraq, həkim tərəfindən uyğun hesab edildikdə, dəriyə təbii rəng verməyə cavabdeh olan melanositləri stimullaşdırmağa yönəlmiş işıq terapiyası tətbiq oluna bilər. İşıq terapiyası, fototerapiya və eksimer lazer müalicəsi olaraq da adlandırılır.
Xəstəliyin müalicəsində bəzi kremlərdən faydalanmaq mümkündür. Tacromilus və pimecrolimus və ya tərkibində kortizon olan kremlər xəstəlik səbəbiylə meydana gələn ləkələri aradan qaldırmaq və yeni ləkələrin meydana gəlməsinin qarşısını almaq üçün istifadə edilə bilər. Ancaq bütün bu kremlər həkim nəzarəti altında istifadə edilməlidir, çünki uzun müddətli istifadə səbəbiylə dəridə struktur pozğunluqları və fərqliliklər yarada bilər.
Vitiligo xəstəliyi günəşdən təsirlənir və daha  çox yayılır. Vitiligo tez-tez xəstələrdə xarici görünüşü arzuolunmaz şəkildə dəyişdiyindən bədbəxtlik, özünə inamın azalması, depressiya və stress kimi psixoloji problemlərə səbəb ola bilər. Bu səbəbdən vitiligo xəstələri psixoloji olaraq qiymətləndirilməli və belə bir problem aşkar edilərsə, xəstəliyin müalicəsinə əlavə olaraq psixoloji dəstək verilməlidir. Əgər sizdə də vitiligo varsa, bir dermatoloqa müraciət edərək müalicə ala bilərsiniz və həkiminizin tövsiyələrinə və müalicə prinsiplərinə diqqət yetirərək xəstəliyinizin təsirlərini böyük ölçüdə ortadan qaldıra bilərsiniz.
Aişə Nəbiyeva

Şərhlər