3-4 yaşındakı uşaqlar ölümü bir istirahət kimi düşünürlər. Elə bilirlər ki, ölən insan istirahət edib geri qayıdacaq. Bu yaşda uşaqlar cansız əşyaların da ölə biləcəyinə inanırlar. Daha sonrakı illərdə ölümü yatmaq, hərəkət etmədən uzanmaq kimi düşünürlər. Uşaq ölən insanın oyanacağını düşünür. 5 yaşdan sonra ölüm qorxuducu olmağa başlayır. Ana-atasının öləcəyindən qorxaraq, ölüm haqqında suallar verməyə başlayır.

5-6 yaşındakı uşaqlar artıq ölümün nə olduğunu başa düşməyə başlayırlar, amma hələ də ölümdən oyanmağın mümkün olduğunu düşünürlər. Uşaqlar, ancaq 8-10 yaşında ölümün geri dönülməz olduğunu və həqiqət olduğunu başa düşürlər.

Uşaqlar yaxınlarının ölümündən çox təsirlənir. Ölüm qarşısında hərdən heç bir şey olmamış kimi davranırlar. Bu hal mövcud vəziyyəti qəbul etməyi istəməmələrindən irəli gəlir. Ölən şəxs valideynlərindən biridirsə, uşaq daha çox təsirlənir. İlk günlər yaşından asılı olaraq kədərini ya susmaqla, ya da böyüklərin dəcəllik olduğunu düşünə biləcəkləri hərəkətlər etməklə göstərə bilərlər. Daha sonralar isə ölən ana-atanaya qarşı onu tək qoyub getdiyi üçün kin hissi yarana bilər. Bu kin günahkarlıq hissini oyadar.

Məsələn, ana “Məni incitsən, xəstələnərəm” kimi sözlər işlədibsə, onun etdiyi bir səhvin ananın ölümünə gətirib çıxardığını düşünə bilər. Bu kimi hallarda uşaqla söhbət edərək onun düşüncələrini öyrənmək lazımdır. Uşaq kədərlənməsin deyə danışmamaq və ya heç bir şey olmamış kimi rəftar etmək məsləhət deyil. Uşaqlar danışdıqca rahatlaşacaqlar. Bəzən də yaşayan ana və ya atanı da itirəcəyi fikri onlara lazımından cox bağlanmasına səbəb ola bilər. Belə hallarda da uşaqla ölüm haqqında danışmaq məsləhətdir. Ölüm az da olsa uşağın hər şeyi içinə yığmasına, hətta depressiyaya düşməsinə səbəb ola bilər.

Belə hallarda ən gözəl kömək, uşağa yaxın olmaq, onu başa düşmək, ona vaxt vermək və istədiyi sualları verə biləcəyini deməkdir.

Lazım olan vaxt yanında ola biləcəyinizi demək bəs edər.

Şərhlər