Siqaretin müxtəlif xəstəliklərə səbəb olması ilə bağlı məlumatlar kifayət qədərdir. Bu dəfə isə siqaretin diabet xəstəliyi ilə əlaqəsindən danışacağıq.
Tibbinfo-nun məlumatına görə elmi araşdırmalar ikinci növ şəkər xəstəliyi ilə siqaretçəkmə arasında ciddi əlaqələri sübuta yetirib. Şəkər xəstəliyinin əmələ gəlməsində həyat tərzinin də əsas olduğunu nəzərə alsaq, zərərli vərdişlərin bu məsələdə neqativ payını anlamaq o qədər də çətin olmaz.
Elmi tədqiqatların nəticələrinə görə siqaret aludəçilərinin şəkər xəstəliyinə mübtəla olması ehtimalı adi insanlarla müqayisədə 30-40% çoxdur. Əgər pasiyentdə şəkər xəstəliyi aşkarlanırsa və o, siqareti tərgitməkdən imtina edirsə, o zaman xəstəlik idarəolunmaz səciyyə ala bilər.
Həm siqaretçəkmə, həm də diabetin bədən üzvləri və hüceyrələrə dağıdıcı təsiri məlumdur. Bu iki proses birlikdə davam edərsə insan orqanizminin aldığı zərbələrin miqyası təhlükəli həddə yüksəlir. Diabet xəstəsinin siqaret çəkməyə davam etməsi aşağıdakı təhlükəli nəticələrə gətirib çıxara bilər:
- böyrək və ürək xəstəlikləri
- qan dövranının zəifləməsi nəticəsində risklərin artması və hətta amputasiya
- korluğa qədər inkişaf edə biləcək görmə problemləri
- sinir ağrıları ilə müşayiət olunan əsəb pozğunluğu
Çıxış yolu isə siqaretdən imtinadır. Nəzərə alın ki, bu, pis bir vərdişdir və sizin bu düşmən vərdişinizin üzərində qələbə çalan miloynlarla insan var.