Təcili tibbi yardım çağırışları üçün hər hansı məhdudiyyət var?

Dövlət tibb müəssisələri tərəfindən göstərilən təcili tibbi yardım xidmətləri hər kəs üçün əlçatan və ödənişsizdir.

İcbari tibbi sığorta çərçivəsində göndəriş hansı halda verilir?

Vətəndaşın müraciət etdiyi tibb müəssisəsində ona tələb olunan tibbi xidmətlərin (dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması və ya stasionar tibbi xidmətin göstərilməsi) göstərilməsi mümkün olmadıqda, həmin tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndəriş verir

Hansı hallarda təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırışa getmir?

Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (EKQ çəkilməsi) aparılması

Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə və prosedurların aparılması (inyeksiya, venadaxili infuziya (“sistemin köçürülməsi”), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi

Stomatoloji yardımın göstərilməsi

Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi

Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması

Vəfat etmiş şəxsin daşınması

Ev heyvanlarına tibbi yardımın göstərilməsi

İcbari tibbi sığortadan istifadə etmək üçün hansı sənədlər tələb olunur?

İcbari tibbi sığortadan istifadə etmək üçün tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür

Əcnəbi vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulur?

Əcnəbilərin gəlirlərindən icbari tibbi sığorta haqqının tutulmasının əsasında gəlirin Azərbaycan mənbəyindən əldə olunub-olunmaması dayanır. Belə ki, Azərbaycan Respublikasından rəsmi gəlir əldə edən əcnəbilərdən icbari tibbi sığorta haqqı tutulur.

İcbari tibbi sığorta çərçivəsində evdə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub?

Bəli, evdə tibbi xidmət sığortaolunana təhkim olunduğu ailə həkimi tərəfindən, təcili və təxirəsalınmaz hallarda isə təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən həyata keçirilir.

Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər Zərfinə hansı dərman vasitələri ilə təminat daxildir?

Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər çərçivəsində stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri təminata daxildir.

Xidmətlər Zərfində hansı tibbi xidmətlərə sığorta limiti var?

Xidmətlər Zərfində fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq olunur. İl ərzində hər bir nahiyə üzrə fizioterapiya xidmətinə 10 prosedurdan artıq olmamaq şərtilə həkimin göndərişi əsasında vətəndaşa xidmət göstərilir. Əlavə olaraq, koxlear implantasiya və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatları üçün sığorta limiti tətbiq olunur. Bu xidmətlərin hər biri üçün ölkə üzrə illik 300 əməliyyat nəzərdə tutulub.

Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlər hansılardır?

Xidmətlər Zərfinə dövlət proqramları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetik prosedurlar və plastik cərrahiyyə, stomatoloji xidmətlər, orqan transplantasiyası, süni mayalanma və s. Kimi tibbi xidmətlər daxil deyil. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.

Xidmətlər Zərfinə hansı arayışlar daxildir?

18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi barədə arayış

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayış

Xidmətlər Zərfinə hansı arayışlar daxil deyil?

Sürücülüyə yararlı olmaq barədə tibbi arayış – 30 manat

Sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış – 15 manat

Ailə həkimini necə seçmək olar?

Ailə həkimini seçmək üçün yaşayış yeri üzrə ən yaxın olan ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət olunmalıdır. Qeydiyyatçıya şəxsiyyət vəsiqəsi və yaşayış ünvanı üzrə qeydiyyata dair sənəd təqdim edilməlidir. Ərizə dolduraraq ailə həkimi seçilməlidir.18 yaşına çatmayan şəxslərin ailə həkimini seçməsi üçün ərizə onların qanuni nümayəndələri tərəfindən verilir.

Sığortaolunan ailə həkimini dəyişə bilər?

Sığortaolunan yaşayış yeri üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsində (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) çalışan ailə həkimini (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) seçmək və məhdudiyyət bu qoyulmadan dəyişməkdə sərbəstdir.

Sığortaolunan həkimi özü seçə bilər?

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunanın tibb müəssisəsini, habelə həkimi (Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla) seçmək hüququ vardır. Vətəndaş ailə həkimini, həmçinin ona göndəriş verilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində çalışan həkimləri seçməkdə sərbəstdir.

Sığortaolunan qeydiyyata alındığı tibb müəssisəsini dəyişə bilər?

Sığortaolunan qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 təqvim ili keçdikdən sonra dəyişə bilər. Vətəndaş yaşadığı ərazini dəyişdikdə isə yeni ərazidəki tibb müəssisəsinə vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət etməlidir.

Şərhlər