9 saat yatdın, gözlərini açdin və anladın ki… artıq çox yorğunsan. Tanış hissdir? Mütəxəssislər bunun nə ilə əlaqəli ola biləcəyini izah ediblər.
Yorğunluq və laqeydlik hissi vaxtaşırı hər kəsi əhatə edir: ağır iş günü, ondan sonra – uşaqla ev tapşırığı həll etmək, şam yeməyi bişirmək, iti gəzdirmək, sosial şəbəkələrdə və iş söhbətlərində hər kəsə cavab vermək .. Orqanizminizin dincəlmək üçün , ən azı 8-9 saat sağlam yuxuya ehtiyacı var . Əgər xroniki yorğunluqdan danışırıqsa, onda hər şey daha mürəkkəbdir. Bu problemi bir gecədə həll etmək olmaz.
Statistikaya görə, müxtəlif psixi xəstəliklərin 10-20 faizi yorğunluqla başlayır. Eyni səbəbdən bəzi sürücülər ölümlə nəticələnən qəzalar törədirlər. Daim yorğunluq hissi – xəbərdarlıq zəngidir, xüsusən də yatmağınıza baxmayaraq, səhər başınızı yastıqdan belə götürə bilməyəndə. Tibbinfo.com yuxudan oyandıqdan sonra özünüzü yorğun hiss etməyinizin 10 əsas səbəbini araşdırıb sizə təqdim edir.
Dəmir çatışmazlığı anemiyası
Dəmir çatışmazlığı anemiyası ən çox hamilə qadınlara və ağır menstruasiya dövrü yaşayan qadınlara təsir göstərir.
Dəmir çatışmazlığı olan uşaqlar və böyüklər daimi yorğunluq hiss edir, ürək fəaliyyəti pozulur, nəfəs darlığı yaranır. İmmunitet sistemi ciddi şəkildə təsirlənir və nəticədə yoluxucu xəstəliklərin riski və şiddəti artır.
Apne
Yuxu apnesi, insanın yuxu zamanı bir neçə saniyə davam edən nəfəs daralmasıdır. Bu dövrdə ona elə gələ bilər ki, kimsə onu boğur və yuxuda boğulmağa, yada xoruldamağa başlayır.
Bu vəziyyət daha çox orta yaşlı kişilərdə görülür və spirtli içkilər, siqaret onu daha da gücləndirir.
Tiroid problemləri
Qalxanabənzər vəz pozulduqda daimi yorğunluq hissi yarana bilər.
Tiroid vəzində hər şeyin qaydasında olmadığını göstərən başqa əlamətlər də var. Bunlara ürək döyüntüsünün artması, tərləmə, əsəbilik, boynun ön hissəsində ağrı və saç tökülməsi daxildir.
Xroniki yorğunluq sindromu
Həkimlər bu sindromu xəstəlik kimi qəbul etmirlər. Bununla belə, həyatınızı olduqca güclü şəkildə zəhərləyə bilər. Çox vaxt böyük şəhərlərdə yaşayan və intellektual işlə məşğul olan 20-50 yaşlı insanlar bundan əziyyət çəkirlər.
Diabet
Daimi yorğunluq həm 1-ci, həm də 2-ci tip diabetin klassik simptomudur. Bəzi insanlar bu vəziyyətlə yaşayır və bir neçə ay və ya hətta ildən sonra həkimə müraciət edirlər.
Daimi susuzluq, tez-tez sidiyə getmə, bulanıq görmə, qaşınma və kilo itkisi varsa, şəkərli diabetdən şübhələnmək olar.
Yoluxucu mononükleodit
Yoluxucu mononükleodit kəskin viral xəstəlikdir, qızdırma, boğaz ağrısı, limfa düyünlərinin, qaraciyərin, dalağın zədələnməsi və hemoqrammada xarakterik dəyişikliklər (monositoz) ilə müşayiət olunur.
Çox vaxt bu xəstəlik gənc yaşda insanlara təsir göstərir. Öpüşmə xəstəliyi də adlandırılan mononükleoz tüpürcək vasitəsilə yayıla bilər və dağınıq sklerozun inkişaf riskini artırır.
Depressiya
Bu çətin həyat dövründə insanın yuxuya getməsi çətin olsa da, oyanması daha çətindir. Psixoloqlar “Ən çətin vaxt səhərdir” deyirlər. Məhz bu saatlarda biz həssas oluruq, buna görə də başımızı yastıqdan qaldırıb yeni günə başlamaqda çətinlik çəkirik.
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromundan əziyyət çəkən insan tez-tez gecələr oyanır və səhərlər yorğun olur. Narahat ayaqlar sindromunun əsas səbəbləri vitamin çatışmazlığı, endokrin xəstəliklər, dayaq-hərəkət sisteminin patologiyaları, arteriya və venaların xəstəlikləridir. Həm gənc, həm də yaşlı xəstələr bu sindromdan şikayət edirlər.
Stress
Əgər gün ərzində daim narahatsınızsa, çox əsəbisinizsə, o zaman səhər özünüzü yorğun hiss edəcəksiniz.
Narahat insanda əzələ ağrıları, başgicəllənmə və daima fikirdən yayınma ola bilər. Vəziyyət dəyişdirilməsə, hər şey panik ataklarla bitə bilər.
Çölyak xəstəliyi
Çölyak xəstəliyi əhalinin 1%-də rast gəlinən autoimmun xəstəliyidir. Onun yaranmasında iştirak edən əsas faktor qlütendir. Tərkibində qlüten olan buğda, çovdar, qızılı buğda və arpa kimi dənli bitkilərin qəbulu nazik bağırsağın iltihabına səbəb olur. Qlütenin hətta kiçik miqdarı belə, simptomların yaranmasına səbəb ola bilər. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozula bilər ki, bu da öz növbəsində orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.