Əksər insanlar gülüşün onları daha cavan göstərdiyini düşünür. Lakin, son tədqiqatların nəticələrinə görə, bu tam əksinədir.

Cavan görünüş və təravətlilik üçün reklamlarda tez-tez gülərüz sifətlər görsək də alimlər aşkar edib ki, əgər gülürsünüzsə ətrafdakı insanlar sizi olduğunuzdan daha yaşlı təsəvvür edir.

Kanadada yerləşən Qərb Universiteti alimlərinin apardığı son tədqiqat belə deməyə əsas verir. Daha əvvəl aparılan tədqiqatda insanların gülən insan sifətinə real olandan daha çox yaş verməsinə göz ətrafındakı qırışların daha nəzərəçarpan olmasının səbəb olduğu aşkarlanmışdı.

Subyektivliyin maksimum məhdudlaşdırılması hesablanaraq aparılan tədqiqatlarda iştirakçıların üzündə təbəssüm olan insan şəkillərinə neytral üz ifadəsi ilə müqayisədə orta hesabla bir-iki il daha çox yaş verdikləri məlum olub.

Beləliklə, əgər siz cavan görünmək istəyirsinizsə, edə biləcəyiniz bir neçə iş var: idman etmək, düzgün qidalanmaq, yetərincə yatmaq və ola bilsin ki, az gülməyə çalışmaq.

Şərhlər